“Kran maşinisti” peşəsi üzrə təhsil müddəti tam orta təhsil bazasında bir il təşkil edir. 20 həftəlik nəzəri təlim müddətində şagirdlər əsasən zavodlarda tətbiq edilən körpülü kranların, yükvurma-yükboşaltma və dəmiryol stansiyalarında, həmçinin açıq anbarlarda istifadə olunan kürsülü kranların, təmir-tikinti işlərində və limanlarda çox geniş tətbiq edilən qollu kranların və onların bir növü olan mobil kranların konstruksiyaları, istismar və təhlükəsizlik texnikası qaydalarını mənimsəyirlər. Bu dövr ərzində nəzəri dərslər müasir kompyuter texnikasının (kompyuter və proyektor) tətbiqi ilə keçirilir. Mütəmadi olaraq şagirdlərin bilik səviyyəsi test imtahanı keçirilməklə yoxlanılır. Növbəti mərhələdə isə onlar 15 həftə müddətində Bakı şəhərinin müxtəlif təmir-tikinti müəssisələrində istehsalat təcrübəsi təlimi keçməklə kranlarda əməli iş vərdişləri qazanırlar.

Müasir kranların bütün konstruksiyalarında kompyuter texnikası tətbiq edildiyi üçün “Profi-Resurs” PTM-də təhsil aldıqları müddətdə şagirdlərə böyük həcmdə “Kompyuter texnologiyasının əsasları” fənni tədris edilir. İgtisadiyyatımızın neft- qaz sektorunda xarisi şirkətlərin iştirakını nəzərə alaraq mərkəzdə gələcək kran maşinistlərinin əcnəbi əməkdaşlarla ünsiyyətini rahatlaşdırmaq məqsədi ilə “İngilis dili” fənni də tədris edilir. Bundan başqa, mərkəzdə şagirdlərin texniki bilik səviyyəsini artırmaq məqsədi ilə “Texniki rəsmxətt” və “Materialşünaslıq” fənləri də tədris edilir.

“Profi-Resurs” PTM-ni müvəffəqiyyətlə bitirən məzunlara 4-cü dərəcəli kran- maşinisti peşəsi verilir. “Profi-Resurs” PTM-nin verdiyi diplom və Fövqəladə Hallar Nazirliyinin təsdiq etdiyi vəsiqə Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən bütün dövlət, özəl və xarici şirkətlər tərəfindən tanınır.

Mərkəzdə sonrakı fəaliyyət dövründə kran maşinistlərinin öz ixtisas dərəcələrini artırmaq üçün qısamüddətli peşə kursları fəaliyyət göstərir.